1 milyona yaxın sənədsiz əmlak: Hansı dövlət qurumları bələdiyyələrə problem yaradır?
Ölkədə hər beş ildən bir bələdiyyə seçkisi keçirilir. Buna baxmayaraq,
seçkili orqanın səlahiyyətləri tam müəyyən olunmayıb. Səs verib seçdikləri
qurumun nə işə yaradığını bilməyən xalqın gözündə bələdiyyələr işə yaramayan
qurum durumundadır. Dövlət bələdiyyələrə torpaq sahələri ayırıb, amma icra
hakimiyyətləri, əmlak komitəsi bu torpaqların xəritəsini çox vaxt təqdim etmir.
Necə deyərlər "bütövü paralama, paranı yarılama, doğra doyunca ye"
prinsipinin qurbanıdır.
Deputat Vasif Qafarov bildirib ki, Lerik kimi ucqar və
dağlıq rayonlarda torpağın sotunun 3-5 min manat arasında və daha yuxarı səviyyədə
müəyyən edilməsi həmin ərazilərin faktiki olaraq istifadəsiz qalmasına səbəb
olur. Onun sözlərinə görə, bu vəziyyət bələdiyyələrin gəlir əldə etməsinin
qarşısını alır.
Deputat qeyd edib ki, bələdiyyələrin üzləşdikləri bütün
problemlər kompleks şəkildə araşdırılmalı, təhlil edilməli və müvafiq addımlar
atılmalıdır.
O, xüsusilə kənd bələdiyyələrinin fəaliyyətinə mane olan
problemləri aradan qaldırılmasının vacibliyini vurğulayıb:
“Bələdiyyələrə aid torpaqların sərhədlərinin bu günə qədər dəqiq
müəyyən edilməməsi və xəritələrin tərtib olunmaması bələdiyyələrin normal fəaliyyət
göstərməsinə mane olur”.
Maraqlıdır, bələdiyyə torpaqlarının sərhədlərinin qeyr-müəyyənliyi
və xəritələrin tərtib olunmamasının əsas səbəbləri nələrdir? Problemin həlli
üçün hazırda hansı işlər görülür və görülməlidir?
“Bələdiyyələrin Fəaliyyətinin Təbliği” İctimai Birliyinin sədri
Vüqar Tofiqli Bakupost.az -a açıqlamasında bildirdi ki, ölkə bələdiyyələrinin
qarşılaşdığı və üzləşdikləri problemlərin kökündə əmlak məsələlərinin həll
olunmaması dayanır:
“Mülkiyyətə torpaq və əmlakın, o cümlədən xəritələrin hələ də
təqdim edilməməsi, Bakı bələdiyyələrində ümumiyyətlə bu prosesin bu günə kimi
icra olunmamasının kökündə Əmlak Məsələləri Dövlət Xidmətinin bələdiyyələrə
yaratdığı problemlərdir. Yəni birinci növbədə bələdiyyənin əsas problemi əmlakla
bağlıdır”.
Onun sözlərinə görə, bələdiyyələrin büdcə gəlirlərinin
artımı ilə bağlı müvafiq orqanlar, xüsusən də Administrasiyanın müvafiq
sektoru, o cümlədən Ədliyyə Nazirliyi və milli bələdiyyə assosiasiyaları bu
istiqamətdə birgə ciddi addımlar atırlar:
“Məsələn, bələdiyyələrin avtomatlaşdırılmış məlumat sistemi
yaradılıb, BAMS proqramı hazırlanıb. Keçən il cənab Prezidentin sərəncamı ilə həmin
sistemin dövlət internet resursları sisteminə əlavə edilməsi prosesi həyata
keçirildi. Bu gün artıq bu prosesin icrası ilə bağlı yekun addımlar atılır. Müəyyən
problemlər var ki, artıq öz həllini tapır. Nəticə etibarilə, bələdiyyələrin
büdcə gəlirlərində müəyyən mənada artım müşahidə olunur. Yerli vergilərin
yığımında isə 25–30 faizlik artım müşahidə olunur”.
Sədr vurğulayıb ki, bütün bunlara baxmayaraq bu gün bələdiyyə
mülkiyyətinin özgəninkiləşdirilməsi ilə bağlı məsələlər çox ciddi problem
olaraq qalır:
“Məsələn, sənədləşdirilmə məsələsi. Tutaq ki, elə hallar var
ki, vətəndaş həyətyanı torpaq sahəsi üçün bələdiyyəyə müraciət edir. Hesab edin
ki, həmin torpaq sahəsinin bələdiyyənin mülkiyyətinə keçirilməsi üçün kifayət qədər
vaxt gedir. Bir torpaq sahəsi ilə bağlı əsassız yerə bəzən 18 dəfə imtina məktubu
göndərilir. Üstəlik, qiymətləndirmə ilə bağlı müəyyən problemlər yaşanır. Bu və
ya digər məsələlər var ki, hazırda öz həllini gözləyir. Xüsusən də bələdiyyə
mülkiyyətinə torpaq və əmlakın verilməsi, mülkiyyətin özgəninkiləşdirilməsi,
mülkiyyətin tanınması və xəritənin təqdim edilməsi məsələləri problem olaraq
qalır. Bu gün bu proseslərin cəmi 10 faizi icra olunub, ya olunmayıb.
Nəzərə alsaq ki, bələdiyyələrin büdcə gəlirləri faktiki
olaraq 60 milyon manat ətrafındadır, bu problemlər öz həllini taparsa, bu rəqəm
2–3 dəfə artıq ola bilər.
V.Tofiqli bildirib ki, əvvəllər qiymətləndirmə rəyi üçün 30
manat ödənildiyi halda, hazırda bu proses Qiymətləndirmə Palatası üzvləri tərəfindən
minimum 150 manata həyata keçirilir:
“Bu yaxınlarda da qeyd etmişdim ki, kənd bələdiyyəsinin büdcə
gəliri 120 min manatdır. Hesab edin ki, 12 min manat torpaq sənədləşdirilməsi,
qiymətləndirilməsi və digər məsələlərə yönəldilib. Yəni əldə edilən büdcə vəsaitinin
10 faizi konkret olaraq əmlak məsələləri üzrə tariflərin, xidmət haqlarının ödənilməsinə
yönəlir. Bu da istər-istəməz bələdiyyələrdə narahatlıq yaradır. Çünki bələdiyyəyə
yaradılan problem nəticədə vətəndaşa təsir edir və vətəndaş narazı qalır.
Halbuki o, bələdiyyədən yox, əslində mərkəzi icra orqanı olan Əmlak Məsələləri
Dövlət Xidmətindən narazı qalmalıdır. Çünki problemi yaradan məhz bu orqandır”.
Sədrin sözlərinə görə, bələdiyyə mülkiyyətinin sərhədlərinin
müəyyən edilməməsi reklam ödənişləri ilə bağlı gəlirlərə də təsir göstərir:
“Halbuki bələdiyyənin mülkiyyəti bəlli olsa, həmin mülkiyyət
üzərində yerləşən reklam vasitələrindən bələdiyyə büdcəsinə müəyyən maliyyə vəsaiti
daxil ola bilər.
Bu gün “Azparking” Bakıda ən böyük maliyyə vəsaiti əldə edən
qurumlardan biridir. Amma dayanacaqlarla bağlı əldə edilən vəsaitin müəyyən bir
hissəsi bələdiyyələrə ödənilməlidir, lakin ödənilmir. Buna bəhanə olaraq göstərilir
ki, bələdiyyə mülkiyyəti məlum deyil. Bu səbəbdən AYNA həmin prosesi həyata
keçirmir.
Yəni demək istəyirəm ki, bələdiyyələrin bu gün üzləşdikləri
problemlərin böyük bir qismi məhz əmlakla bağlıdır. Bu məsələlər öz həllini
taparsa, nəticədə bələdiyyə büdcəsinin gəlirləri sözsüz ki, kifayət qədər
artmış olar”.
Vüqar Tofiqli qeyd edib ki, ölkə üzrə təxminən 1 milyona
yaxın sənədsiz əmlak mövcuddur:
“Bunun nəticəsində həm bələdiyyə uduzur, çünki büdcəyə vergi
daxil olmur, həm dövlət uduzur, rüsum daxil olmur, həm də vətəndaş problemlə
üzləşir. Vətəndaş əmlakdan 30,40,50 il istifadə etsə də, sənədi olmadığı üçün
hüquqi addım ata bilmir.
Əgər bu məsələlər öz həllini taparsa, nəticədə vətəndaş–bələdiyyə
münasibətlərində problemlər tezliklə aradan qalxar”.
Əmlak eksperti Ramil Osmanlı bildirdi ki, faktiki olaraq ötən
dövrlərdə bələdiyyələr tərəfindən mülkiyyətdə olan torpaq sahələri satılıb və
mülkiyyətə yeni ərazilər verilməlidir ki, həmin ərazilərdə torpaq ayırma
prosesi davam etsin:
“Torpağın məhz bazar dəyəri ilə satılması anlayışı hesab
edirəm ki, doğru yanaşma deyil. Çünki faktiki olaraq regionlarda qeyd olunduğu
kimi yerli əhalinin sotu 1000-5000 manata torpaq almaq imkanı yoxdur. Bu qərarla
biz yerli sakinə demək istəyirik ki, sənin pulun yoxdursa, sən torpaq
almamalısan, sən ev tikməməlisən, sən küçədə yaşamalısan. Hansısa imkanı olan şəxs,
bir məmur Bakıdan və ya başqa bir regiondan gəlməlidir, torpaq sahələrini
almalıdır və 5 ildən sonra yenə 5 qat qiymətinə bazara çıxarıb satmalıdır. Bu
yanaşma, anlayış doğru deyil”.
Ramil Osmanlı vurğulayıb ki, torpaqların bazar qiyməti ilə
satılması regionlarda çox ciddi sosial problemlərə səbəb ola bilər:
R.Osmanlının fikrincə, aidiyyəti qurumlar bu məsələdə
alternativ, daha optimal və region əhalisinin imkanlarına uyğun qərarlar qəbul
etməlidirlər:
“Yoxsa , məsələn, Qubanın bir kəndində torpaq sahəsinin qiyməti
bu gün bazarda 5 min manatdır. Amma axtarsaq görəcəyik ki, həmin kənddə sotu 5
min manata torpaq almaq imkanında olan heç 2 nəfər də yoxdur. Belə çıxır ki,
bundan sonra Qubanın həmin kəndində doğulan, böyüyən, hərbi xidmətə gedib gəlmiş
insanlar ailə qurmaq üçün köçməlidirlər Kürdəmirə. Bu yanaşma nə dərəcədə
doğrudur?”
Əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirdi ki,
torpaqların bazar qiyməti ilə dəyərləndirilməsi çox açıq məsələdir və bu
problem bütün ölkədə mövcuddur:
“1 il öncə bələdiyyə sisteminin Azərbaycanda təkmilləşdirilməsi
ilə bağlı seçkilər keçirildi və bu seçkilər regionlar üzrə bələdiyyələrin birləşdirilməsi
prosesi ilə getdi. Yəni xırda kənd bələdiyyələri vahid bələdiyyələrdə birləşdirildi.
Bu kimi islahat istiqamətində işlər aparıldı.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının hüquqi
normativlərində, qanunlarında qərarların yerli icra hakimiyyətləri tərəfindən
verilməsi qeyd olunur. Amma elə çıxır ki, bizim ölkədə ərazilərdə iki icraedici
qurum var və burada əsas icraedici orqan kimi icra hakimiyyətləri tanınır, amma
bələdiyyələrin funksiyaları hələ də cəmiyyət üçün qaranlıq qalır. Bizim xalq
yalnız onları torpaq satan təşkilat kimi tanıyıb. Halbuki yerli idarəetmə və
sosial işlərin aparılması ilə bağlı bu gün mühüm qurumun fəaliyyətsizliyi bütün
ölkə üzrə görünür.
Səbəb nədir? Bunlardan biri, sözsüz ki, eyni ərazidə iki
icraedici strukturun olmasıdır. Mənim fikrimcə, bələdiyyə qanunları təkmilləşdirilməlidir,
bələdiyyə xalq üçün işləməlidir, ərazilər üzrə söz sahibi olmalıdır, vətəndaşların
bir çox problemlərində dəstək və kömək göstərməlidir. Amma bu dəstək onların
maliyyələşdirilməsi ilə birbaşa bağlıdır. Maliyyələşmə isə hazırkı vəziyyətdə əsasən
vətəndaşlardan toplanan əmlak vergisi hesabına formalaşır. Lakin vətəndaşlar bu
vergini ciddi qəbul etmirlər və çox az həcmdə ödəyirlər. Böyük şəhərlərdə əmlak
vergisinin ödənilməsi hesabına müəyyən vəsait toplamaq mümkün olur, amma
regionlarda bu vəsaitin toplanması, birincisi, çətindir, ikincisi isə toplanan
büdcə ilə bələdiyyə özünü belə saxlaya bilmir. Nəinki yol çəkmək, digər layihələr
həyata keçirmək və vətəndaşların problemlərini həll etmək...”.
Ekspert vurğulayır ki, bələdiyyələrin heç şübhəsiz öz
statusları olmalı və bu statuslara uyğun texniki-maddi baza
formalaşdırılmalıdır:
“Texniki-maddi baza dedikdə, onlara verilmiş səlahiyyətlər əsasında
torpaq resurslarının formalaşdırılması və həmin torpaqlardan istifadə nəzərdə
tutulur.
Bu gün ölkədə kənd və qəsəbələrdə torpaq ən güclü
resurslardan biridir. Sirr deyil ki, istənilən regiona və rayona gedəndə yüzlərlə
hektar istifadə olunmayan torpaqları görmək mümkündür. Onların bir qismi özəlləşdirilib,
bir qismi dövlət sərəncamındadır, bir qismi isə vətəndaşlara kolxoz və
sovxozların ləğvi dövründə pay torpağı kimi verilib.
Fikrimcə, burada ciddi islahatlar aparılmalıdır və bələdiyyələrin
özünə məxsus torpaqlara çıxarışı olmalıdır. Bu barədə hələ 2020-ci ildə bələdiyyələrin
sərhədlərinin müəyyən edilməsi ilə bağlı tapşırıq verilmişdi. Bildiyim qədər,
5–6 il keçməsinə baxmayaraq bu istiqamətdə işlərin cəmi 25–30 faizi
tamamlanıb”.
E.Azadovun sözlərinə görə, bələdiyyələrin əsas problemlərindən
biri onların sərhədlərinin tam müəyyən edilməməsidir:
“Bu problem Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsindən irəli gəlir. Keçmişdə koordinatlar sistemi olmadığı üçün bu proseslər
adi kağız xəritələr üzərində aparılırdı. Zamanla Nazirlər Kabineti tərəfindən bələdiyyələrə
ayrılan torpaqlar da həmin komitə tərəfindən ayrılmış torpaqılar idi. Hazırda
bu istiqamətdə komissiyaların yaradılması və ciddi addımların atılması vacibdir
ki, xüsusilə regionlarda və kəndlər arasında sərhədlər dəqiq müəyyən olunsun. O
da başa düşüləndir ki, torpaq sürüşmələri və digər texniki uyğunsuzluqlar
mövcuddur, lakin sistemli tədbirlər görülmədiyinə görə bələdiyyələrin sərhədləri
hələ də tam müəyyən olunmayıb. Bu sərhədlər müəyyən edildikdən sonra həmin
torpaqlara çıxarış verilməli, onların satışı və icarəsi ilə bağlı düzgün
strategiyalar hazırlanmalıdır.
Bir iqtisadçı kimi hesab edirəm ki, boş qalan və istifadə
olunmayan torpaq kimi resurslar, passivə çevrilir və gəlir gətirmək əvəzinə əksinə
zərələ ötüşür. Ölkədə boş torpaq qalmamalıdır, hər bir formada istifadə
olunmaldır.
Qeyd etmək lazımdır ki, sovet dövründə dövlət kolxoz və
sovxozlar vasitəsilə torpaqları texnika ilə təmin edirdi. Lakin özəlləşdirmədən
sonra vətəndaşlara pay torpaqları verildi və onların böyük hissəsi texnika,
suvarma və logistika çatışmazlığı səbəbindən istifadə olunmur.
Bir çox hallarda iş adamları və digər şəxslər bələdiyyə
torpaqlarını almaq istəyərkən yüksək qiymətlərlə qarşılaşırlar. Bunun səbəbi
torpaq qiymətləndirilməsinin müstəqil qiymətləndirmə şirkətləri tərəfindən
aparılmasıdır. Hazırda ölkədə qiymətləndiricilər palatası fəaliyyət göstərir və
qiymətləndirmə bazar prinsipləri əsasında aparılır”.
Ekspert əlavə edib ki, bəzi hallarda torpaqların qiymətləndirilməsi
düzgün analoqlar əsasında aparılmır:
“Xüsusilə kənd təsərrüfatı təyinatlı torpaqların, yaşayış
zonalarındakı torpaqlardan fərqli olaraq, daha aşağı qiymətləndirilməsi nəzərə
alınmalıdır. Bu baxımdan torpaqların bazar qiyməti ilə deyil, daha uyğun və
sosial baxımdan əlçatan qiymətlərlə satılması daha məqsədəuyğun olardı.
Bundan əlavə, torpaqlardan istifadə ilə bağlı kollektiv təşkilatların
yaradılması vacibdir. Hazırda pay torpaqlarının təxminən 50 faizi istifadə
olunmur. Bu isə kənd təsərrüfatı məhsullarının bahalaşmasına və regionlarda
işsizliyin artmasına səbəb olur. Texnika, suvarma və logistika problemləri səbəbindən
vətəndaşlar torpaqlardan istifadə edə bilmirlər. Bu istiqamətdə bələdiyyələr
kollektiv təşkilatların yaradılmasında mühüm rol oynaya və vətəndaşlara dəstək
göstərə bilərlər”.
Lalə Novruz,
BakuPost
https://www.bakupost.az/az/1-milyona-yaxin-senedsiz-emlak-hansi-dovlet-qurumlari-belediyyelere-problem-yaradir
Rəylər
0 Rəy